|
«AZAD İSTEHLAKÇILAR BİRLİYİNİN (AİB)»
NİZAMNAMƏSİ
Bakı – 1996-cı il
N İ Z A M N A M Ə
Azad İstehlakçılar Birliyi (AİB)
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Azad İstehlakçılar Birliyi (AİB; sonralar Birlik), Azərbaycan Respublikasının «İctimai birliklər haqqında» qanunu və «İstehlakçıların huquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası qanununun 27-ci maddəsinə müvafiq olaraq vətəndaşların könüllülüyü əsasında yaradılmışdır.
Hüquqi ünvanı: Bakı şəhəri 28 may 18 mənzil 25
Tel.: 93 - 69 – 79
Maddə 2. Birlik öz işini Azərbaycan Respublikasının Konstitusiyası, qəbul olunmuş qanunlar və Beynəlxalq hüquq normaları əsasında qurur.
2-ci fəsil
Məqsəd və vəzifələr
Maddə 3. Qanunla müəyyən olunmuş qaydada və qadağan olunmayan hallarda aşağıdakılardır
- bazar iqtisadiyyatına keçid şəraitində vətəndaşların təşəbbüskarlığını müdafiə etmək;
- respublikada istehsalın güclənməsinə köməklik göstərmək;
- vətəndaşların fiziki, mənəvi və estetik sağlamlığının yuksəldilməsinə zəmin yaratmaq;
- ekoloji mühitin qorunub saxlanmasına vətəndaşları cəlb etmək;
- müvafiq dövlət orqanları ilə istehlakçılar arasında əlaqələr yaratmaq;
- respublikada özəl sektorun dünya istehsal inteqrasiyası ilə qovuşmasına əməli köməklik göstərmək;
- istehlakçıların hüquqlarını qorumaq və onların qaldırdıqları məsələlərin qanuna müvafiq şəkildə həllinə nail olmaq;
- əhalinin kütləvi xəstəliklərdən qorunmasında profilaktik tədbirlərin həyata keçirilməsi üçün səhiyyə orqanlarına köməklik göstərmək;
- qanunla müəyyən olunmuş qaydada digər fəaliyyət növləri ilə məşğul olmaq.
3-cü fəsil
Birliyin hüquqi statusu
Maddə 4. Azad İstehlakçılar Birliyi (AİB), Azərbaycan Respublikası ərazisində yaşayan, öz işini Respublikanın mövcud qanunları və Birliyin Nizamnaməsi əsasında həyata keçirən, istehlakçıların könüllü birliyidir.
Maddə 5. Birliyin hüquqları.
- malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın keyfiyyətinə və qiymətinə dair ictimai fikri öyrənmək;
- malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq dövlət nəzarət orqanlarına müraciət etmək;
- müvafiq icra hakimiyyəti orqanlarından və təsərrüfat subyektlərindən öz məqsəd və niyyətlərini həyata keçirmək üçün lazımi məlumat almaq;
- malların (işlərin, xidmətlərin) keyfiyyətinə ticarət və digər növ xidmət sahələrinə nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək;
- istehlakçılara, qanunvericiliyə uyğun məsləhətlər verilməsini təşkil etmək;
- malın (işin, xidmətin keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ sənədlərin hazırlanmasına dair təklif və rəy vermək;
- qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında, istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək;
- malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və müəyyənləşdirilmiş keyfiyyət tələblərinə uyğun gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin, xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud qanunvericiliyi pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına müəssisələrə və təşkilatlara təkliflər vermək;
- istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan vətəndaşların, qanunvericiliyiə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə etmək;
- keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək;
- istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək;
- istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın inkişafına kömək göstərmək;
Maddə 6. Azad İstehlakçılar Birliyi (AİB):
- ofis icarəyə götürə bilər;
- beynəlxalq əlaqələr yarada bilər;
- ölkədən kənarda keçirilən tədbirlərdə tək və qrup halında təmsil oluna və eləcə də xaricdən nümayəndələr qəbul edə bilər;
- xaricdə istehsal olunmuş malların keyfiyyət göstəriciləri barədə informasiya ala və hüquqi əlaqələr yarada bilər;
- Bakı şəhərində və respublikanın rayonlarında şöbələrini yarada bilər;
- laboratoriyalar yarada və icarə edə bilər;
- ekspert komissiyaları təşkil edə bilər;
- kütləvi informasiya vasitələrində çıxış edə bilər;
- mətbəə yarada və ya icarə edə bilər;
- mətbuat orqanı yarada bilər;
- torpaq sahəsi icarə edə bilər;
- məhsuldar bitki növü, heyvan və quş cinslərinin artırılması üçün təsərrüfat yarada bilər;
- xarici ölkə fondlarından və eləcə də yerli təşkilatlardan maliyyə yardımı və avadanlıq ala bilər;
- əlillərə, qocalara və eləcə də aztəminatlı ailələrə maddi yardım göstərə bilər;
- istedadlı gənclərin təhsil haqqını maliyyələşdirə və xarici ölkələrdə təhsil almasına maddi köməklik göstərə bilər;
- müvafiq kurslar, seminarlar təşkil edə bilər;
- qanunla qadağan olunmayan digər fəaliyyət sahələri ilə də məşqul ola bilər.
Maddə 7. Birlik hüquqi şəxsdir, möhürü, ştampı və bankda hesablaşma hesabı vardır.
4-cü fəsil.
Birliyin idarə olunması.
Maddə 8. Birliyin təşkilatı quruluşu.
- Ümumi yığıncaq;
- Kollektiv Şura;
- Təftiş komissiyası.
Maddə 9. Birlik təşkilatı quruluşunu ərazi üzrə formalaşdırır və azı üç nəfər üzv olduqda yaradılır.
Maddə 10. Birliyin ali orqanı Ümumi yığıncaqdır. Ümumi yığıncaq ildə bir dəfədən az olmayaraq çağırılır. Kollektiv şuranın və təftiş komissiyasının tərkibini seçir.
Maddə 11. Ymumi yığıncaq.
a) Ümumi Yığıncaq Birliyin ali Orqanı hesab edilir.
b) Növbədən kənar ümumi yığıncaq Kollektiv Şuranın, təftiş komissiyasının və eləcə də
üzvlərin ¼-nin təşəbbüsü ilə çağırıla bilər.
v) Ümumi Yığıncaq Birliyin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edib qərar qəbul edə bilər. Ümumi Yığıncağın səlahiyyətində olan aşağıdakı məsələlər vardır.
- Nizamnamənin təsdiqi, Nizamnaməyə dəyişikliklər və əlavələr edilməsi;
- Kollektiv Şuranın, təftiş komissiyasının seçilməsi.
- Kollektiv Şuranın tərkibindən Birliyin sədrinin və müavininin seçilməsi və ya vəzifədən azad edilməsi.
- Birliyin fondlarından istifadə edilməsi.
- Birliyin rayon şöbələrinin fəaliyyətinin dayandırılması;
- Birliyin fəaliyyətinin dayandırılması, ləğvetmə komissiyasının yaradılması.
Kollektiv Şuranın təşəbbüsü ilə Ümumi yığıncaq Birliyin həyatına dair digər məsələləri
də həll edə bilər.
q) Ümumi yığıncaq, ərazi üzrə seçilmiş nümayəndələrin 2/3 iştirak etdikdə səlahiyyətlidir. Qərarlar açıq səs vermə vasitəsi ilə sadə səsçoxluğu əsasında qəbul olunur. Ümumi yığıncağın hər bir üzvü bir səsə malikdir. Bərabər saylı səslər olduqda Birliyin sədrinin fikri həlledici hesab edilir.
Maddə 12. Ümumi Yığıncaqlar arasındakı dövrdə Birliyin fəaliyyətini Kollektiv Şura idarə edir. Kollektiv Şuranın yığıncağı ayda bir dəfə keçirilir.
Maddə 13. Ümumi Yığıncaqda üç il müddətinə seçilən və tərkibi hər seçkidə ratasiya olunan Kollektiv Şura:
- İş strukturunu müəyyənləşdirir, cari məsələləri həll edir.
Maddə 14. Kollektiv Şuranın vəzifələri.
- Birliyin məqsəd və vəzifələrini həyata keçirir
- Birliyin sədrinin səlahiyyətindən kənar olan məsələlər barədə qərar qəbul edir
- növbədən kənar Ümumi yığıncaq çağırma barədə təşəbbüs qaldırır.
- AİB-in rayon şöbələrinin sədr, müavin və kollektiv Şura üzvlərinin səlahiyyətinin növbəti ümumi yığıncağa qədər dayandırılması barədə qərar qəbul edir.
- Birliyin maliyyə vəsaitinin xərclənməsi barədə həlledici qərar qəbul edir
- İstehlakçıların hüquqlarının qorunması barədə dövlət orqanlarına qərarlarını təqdim edir.
- Kollektiv Şura üzvlərindən 50%-dən çoxu iştirak etdikdə iclas və qəbul edilmiş qərarlar səlahiyyətlidir.
- Qərarlar açıq səsvermə vasitəsi ilə sadə səsçoxluğu əsasında qəbul edilir.
Maddə 15. Birliyin sədri
- Birliyin məqsəd və vəzifələrini həyata keçirir.
- Birliyin aparatını formalaşdırır və ona rəhbərlik edir.
- Ümumi Yığıncaqların gündəliyini və qərarlarını işləyib hazırlayır
- Birlik adından müstəqil surətdə müqavilələr bağlayır, görüşlər təşkil edir, iddialar qaldırır, dövlət orqanları ilə danışıqlar aparır.
- İstehlakçıların hüquqlarının qorunması üçün müstəqil surətdə operativ qərar qəbul edir.
- Birliyin üzvünə istehlakçıların hüquqlarını qorumaq üçün vəsiqə verir.
- Nizamnamədə göstərilən digər funksiyaları icra edir.
- Sədr olmadıqda onu müavin əvəz edir.
Maddə 16. Təftiş komissiyası
- Ümumi yığıncaqda 3 il müddətinə seçilir.
- Birliyin maliyyə, təsərrüfat və nizamnamə vəzifələrinə nəzarət edir.
- İstehlakçıların Birlik tərəfindən hüquqlarının pozulmasına nəzarət edir.
- Təftiş komissiyasının üzvlərinin 50%-dən çoxu iştirak etdikdə iclas və qərarları səlahiyyətlidir.
- Qərarlar açıq səsvermə vasitəsi ilə sadə səsçoxluğu əsasında qəbul edilir.
5-ci fəsil
Birliyə üzvlük.
Maddə 17. Birliyə Azərbaycan Respublikasında yaşayan hər bir şəxs üzv ola bilər.
Maddə 18. Birliyə üzvlük fərdi və kollektiv şəkildə, ərizə ilə Birliyin sədrinə müraciət etməklə həyata keçirilir.
Maddə 19. Birliyə üzvlük pulsuzdur.
Maddə 20. Birliyin üzvünün hüquqları
- Birliyin Nizamnamə məqsədlərinin həyata keçirilməsində iştirak etmək
- Seçkili orqanlara seçilmək və seçmək
- Birliyin işinin yaxşılaşdırılması barədə təkliflər vermək və məlumat almaq.
- İstehlakçılardan şifahi və ya yazılı məlumat almaq.
Maddə 21. Birliyin üzvünün vəzifəsi.
- Birliyin Nizamnaməsinə, Ümumi yığıncağın və Kollektiv Şuranın qərarlarına əməl etmək.
- İstehlakçıların hüquqlarını qoruyan zaman obyektivliyi və qanunların aliliyini əsas tutmaq
- İstehlakçıların hüququnu qoruyan zaman Birliyin sədri tərəfindən təsdiq olunmuş vəsiqəyə malik olmaq
Maddə 22. Nizamnamənin 21-ci maddəsinə əməl etməyən şəxslər Birliyin üzvlüyündən sədrin əmri və ya Kollektiv Şuranın qərarı ilə kənar edilir.
6-cı fəsil
Birliyin pul vəsaiti və əmlakı
Maddə 23. Birliyin pul vəsaiti formalaşır:
- Vətəndaşların könüllü ianələrindən
- Dövlətin, özəl və dövlət strukturunda olan müəssisələrin könüllü verdikləri vəsaitdən və əmlakdan
- Xarici ölkə fondlarından verilən vəsait və əmlakdan
- Birlik tərəfindən görülən işin (xidmətin) qonorarından
- Birliyin nizamnamədə nəzərə tutulan təsərrüfat fəaliyyətindən
- Qanunla qadağan olunmayan digər mənbələrdən.
7-ci fəsil
Birliyin fəaliyyətinə xitam verilməsi.
Maddə 24. Birliyin fəaliyyətinə Ümumi yığıncağın qərarı, məhkəmənin qərarı, üzvlərin sayının bir nəfərə qədər azalması hallarında xitam verilə bilər.
Maddə 25. Birliyin fəaliyyətinə xitam verildikdən sonra, Birliyə məxsus əmlak: Nizamnamə məqsədlərinin həyata keçirilməsinə sərf edilir; Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq israf edilir.
|